Şəmkirdə yerləşən “Azaqro” qızılgül istehsalı kompleksi Bakıda və ətraf regionlarda yerləşən gül satışı müəssisələrinin rəhbərləri üçün infotur təşkil etmişdir.
Qonaqları qəbul edən “Azaqro” MMC-nin baş direktoru Rəşid Əliyev, kompleksin fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Bildirilmişdir ki, 2008-ci ildə təsis edilmiş “Azaqro” MMC 2010-cu ildən etibarən “Synergy Group”un üzvüdür. Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin investisiya strategiyasının mühüm bir hissəsi kənd təsərrüfatı istehsalının inkişafı Kompleks Azərbaycanda ilk dəfə innovativ üsullarla hollandiya qızılgül sortlarının istehsalını həyata keçirir. Burada Hollandiyanın “De Ruiter”, “Lex+” və “Schreurs” şirkətlərinin seleksiya məhsulları olan “Avalanche”, “Candy Avalanche”, “Myrna”, “Wow”, “Fiorenza”, “Peach Avalanche”, “Red Naomi” kimi tanınmış qızılgül sortları yetişdirilir.
İstixana kompleksində əkin sahəsi 1 hektar təşkil edən güllərin yetişdirilməsi sistemi müasir kompüter texnologiyası bazasında idarə olunur. Güllər damla suvarma texnologiyası ilə xüsusi rezervuarlarda təmizlənmiş və xüsusi mineral əlavələrlə zənginləşdirilmiş su ilə suvarılır. Ümumiyyətlə istixana kompleksi ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Ərazinin isidilməsi, havalandırılması, iqlimin tənzimlənməsi, pərdələmə, soyutma və digər proseslər tam olaraq kompüter sistemi ilə idarə olunur.
Rəşid Əliyev, həmçinin, qeyd etmişdir ki, “Azaqro” istixana kompleksində istehsal olunan güllər həm qiymət, həm də keyfiyyət baxımdan yüksək rəqabət qabiliyyətinə malikdir. Geniş alıcı kütləsi arasında artıq rəğbət qazanmış bu sortların ölkə xaricinə ixracının genişləndirilməsi məsələsi gündəmdədir.
İnfoturun təşkilindən razı qaldıqlarını bildirən qonaqlar “Azaqro” qızılgül istixanalarında lazımi şəraitin yaradıldığının əyani şahidi oldular.
Kompleks ilə tanış olduqdan sonra qonaqlar Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Şəmkir Şəhər Parkını da ziyarət etdilər.