2014-cü il iyulun 3-də “Park İnn” otelində “Cybernet” şirkətinin sponsoru olduğu “Startup Azərbaycan 2014” layihəsinin yekun təqdimat mərasimi və konfransı keçirilib. Azərbaycan İnternet Forumunun təşkil etdiyi tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT şirkətlərinin nümayəndələri, investorlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində layihənin on beş yarımfinalçısı arasından seçilmiş altı layihə qalib elan olunaraq “Cybernet” şirkətinin təqdim etdiyi hədiyyələrlə mükafatlandırıldı. Hədiyyələri qaliblərə təqdim edən Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov tədbiri və İT sahəsinin inkişafına özəl sektorun dəstəyinin yüksək qiymətləndirərək dövlətin də öz növbəsində bu sahəyə dəstək məqsədli gördüyü tədbirlərdən, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan və fondun fəaliyyətindən danışdı.
“Startup mühitinin formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi” mövzusuna həsr olunmuş konfrans hissəsində özəl və İT sektoru təmsil edən “Cybernet” MMC-də baş direktor müavini Anar Mehdiyev çıxışı zaman şirkətin informasiya texnologiyaları sektorunun inkişafına daim dəstək olduğunu bildirdi. Elektron xidmətlər üzrə gördüyü işlərə görə 2013-cü ildə Elektron Xidmət Həlləri üzrə “İlin İT şirkəti” adına laiq görülən “Cybernet”in bu cür tədbirlərə dəstək verməkdə məqsədinin dövlət, biznes və sosial sahələrdə yeni və faydalı elektron xidmətlərin yaradılması olduğunu qeyd etdi. Şirkətin yenilikçi, dolğun hazırlanmış, davamlılığı olan startup layihələrə, həmçinin İT sahəsində bacarığı olan gənc mütəxəssislərə dəstək vermək üçün açıq olduğunu vurğuladı.
“Cybernet” şirkəti Azərbaycanda qabaqcıl İT şirkətlərdən biri olaraq proqram təminatı, biznesin avtomatlaşdırılması və elektron xidmətlərin təşkili üzrə ixtisaslaşıb. Şirkətdə informasiya texnologiyaları və menecment sahəsində böyük təcrübəsi olan 100-dək mütəxəssis cəmləşib. Kollektivin 30-dan artıq əməkdaşı onlara ən mürəkkəb biznes sistemlərini, həmçinin informasiya və telekommunikasiya sistemlərini hazırlamaq və idarə etmək hüququ verən beynəlxalq sertifikata sahibdir.
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanın elektron hökumət sahəsində iri layihələri həyata keçirən İT şirkətlərindən biridir. Şirkət 2011-ci ildən “Synergy Group”a daxil olmaqla, informasiya texnologiyaları sektorunda müasir Azərbaycanın biznes simasına çevrilməkdədir. Avtomatlaşmış Vergi İnformasiya Sistemi, Elektron Hökumət Dövlət İnformasiya Sistemi, Mobil İmza və digər bu kimi irimiqyaslı layihələr “Cybernet” şirkətinin uğur göstəricisidir.