30 iyun 2014-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Universitetinin 20-ci Məzun Günü keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov açaraq cari tədris ilində Universitetin uğurları və növbəti tədris ilində tətbiq ediləcək yeniliklər haqqında məlumat vermişdir.
Azərbaycan Universitetinin təsisçisi “Synergy Group” ASC-nin nümayəndəsi Elşad Nuriyev çıxış edərək, “Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynovun adından məzunları təbrik etmiş və onlara uğurlar arzu etmişdir. Qeyd edilmişdir ki, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” hər il yüzlərlə mütəxəssis yetişdirən Azərbaycan Universitetini dəstəkləməklə təhsilin inkişafına töhfə verir. E.Nuriyev bildirmişdir ki, “Synergy Group” özünün Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bakıda və regionlarda bir sıra layihələri dəstəkləyir. Bu layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil konsepsiyasının hədəflərinə uyğun olaraq icra olunmaqdadır.
“Synergy Group” Azərbaycan Universtetini müxtəlif istiqamətlərdə dəstəkləyir, o cümlədən aztəminatlı ailələrdən olan tələbələrin tam və ya qismən ödənişsiz təhsil almasına, AU-nun infrastrukturunun yaxşılaşdırılmasına töhfə verir.
Tədbirdə universiteti fərqlənmə ilə bitirən məzunlar diplomla mükafatlandırılmışlar.
Ənənəvi Məzun Gününün ikinci hissəsində iştirakçılara maraqlı konsert proqramı təqdim edilmişdir. Bədii hissədə tələbələr tərəfindən universitet həyatına dair hazırlanan video da nümayiş etdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il 20 ixtisas üzrə 278 bakalavriat və 49 magistratura proqramlarında olmaqla 327 tələbə bitirir.