6 iyun 2014-cü il – Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı keçirilir. 3-6 iyun tarixlərində baş tutan sərgidə Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC də təmsil olunur. Qrup əməkdaşları tərəfindən Zəyəm Texnologiyalar Parkı timsalında sərgi iştirakçılarına zavodun məhsul və xidmətləri haqqında məlumat verilir.
Xatırladaq ki, Zəyəm Texnologiyalar Parkı “Synergy Group”a daxil olan törəmə şirkətlərdən biridir.
Zəyəm Texnologiyalar Parkı “Zəyəmkəndmaş” zavodunun bazasında yaradılmışdır. Müxtəlif illərdə zavod kənd təsərrüfatı texnikaları və ehtiyyat hissələri, bir müddət isə neft sənayesi avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur. Sonra isə fəaliyyətini tam dayandırmışdır.
2012-ci ildə isə”Synergy Group” ASC tərəfindən “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial İqtisadi İnkişafı Proqramı”na uyğun olaraq “Zəyəm Texnologiyalar Parkı”nın tikintisinə başlamışdır.
Bu müəssisənin ərazisi 7 hektardır. 6 sexin yaradılması planlaşdırılır. 3 sex artıq hazırdır ki, bunlar da mexaniki, qumlama/rəngləmə və hazırlıq sexləridir. Qısa bir zamanda tökmə, ştamplama/termik və alət sexləri də istifadəyə veriləcəkdir.
Məhz, “Zəyəm Texnologiyalar Parkı”nda Azərbaycanda ilk dəfə olaraq, neft nəqli üçün istifadə olunacaq çənlər, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələr, qalın borular, su çənləri, habelə, zavod, bina və körpü tikinsində istifadə olunacaq böyük qabaritli metal konstruksiyalar kimi məhsulların istehsalı da nəzərdə tutulur.
Artıq burada frezləmə, boru əymə, çən borularını qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılıb.