Turnir rəsmi olaraq 30 aprel tarixində yekunlaşmışdır. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində həlledici – 10-cu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb və sülhə razılaşıb. Teymur Rəcəbov isə Nakamurayla üz-üzə gəlib və heç-heçə edib. Turnirin qalibi adını Maqnus Karlsen qazanıb.
Daha sonra turnirin keçirildiyi Şəmkir Heydər Əliyev Mərkəzində rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədovla Faiq Həsənov və eləcə də təşkilatçı “Synergy Group”da Müşahidə Şurasının sədri Riyad Hüseynov turnirin yüksək səviyyədə keçirildiyini vurğulamaqla yanaşı yarışın şahmatın təbliğində rolu barədə danışıb. Daha sonra mərhum şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb, onun vətənpərvər insan olduğu söylənilib. Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi deyilib.
Mükafatlandırma mərasimində “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov Kuboku “A” və “B” turnirinin qalibləri müvafiq olaraq norveçli Maqnus Karlsenlə və ukraynalı Pavel Elyanova təqdim edib.
Təltifetmə mərasimindən sonra Şəmkir Olimpiya kompleksində maraqlı konsert proqramı keçirilmişdir. Hər kəsə açıq olan tədbir zamanı milli rəqslər nümayiş olunmuş, Zülfiyyə Xanbabayeva öz ifası ilə qonaqlara gözəl istirahət bəxş etmişdir. Həmçinin, “Natiq” ritm qrupu, Gülyaz və Gülyanaq Məmmədova bacıları da konsertə rəng qataraq Azərbaycan musiqisinin incəliklərini qonaqlara göstərmişlər.
Son olaraq, turnir çərçivəsində “Synergy Group” tərəfindən təmir edilən Şəmkir şahmat məktəbinin açılış mərasimi keçirilib. 1 may tarixində keçirilən mərasimdə Şəmkir Rayon İcra başçısı Nazim Veysov, “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov, şahmatçılar, eləcə də Vüqar Həşimovun ailə üzvləri iştirak edib. Məktəbdə uşaqlar və yeniyetmələrə müəllimlər tərəfindən şahmat dərsləri keçiriləcək. Mərkəzdə şahmatın sirlərinə yiyələnmək üçün hər cür şərait yaradılıb.
Təşkilatçılığı yüksək qiymətləndirən şahmatçılar, onları müşayiət edən məşqçilər, ailə üzvləri, yerli və xarici KİV nümayəndələri Şəmkirin şahmat xəritəsinə öz adını yazdığını vurğulamış və “Shamkir Chess” beynəlxalq turnirinin ənənə halını almasını arzu etmişlər.