19-30 aprel tarixlərində, “Synergy Group” ASC-nin təşkilatçılığı ilə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” beynəlxalq turniri şahmat partiyaları ilə yanaşı, bir neçə maraqlı tədbirlə də yadda qalmışdır.
25 aprel tarixi turnirdə sərbəst gün kimi qeyd olunmuşdur. Belə ki, şahmatçılar və turnir qonaqlarının Şəmkiri daha yaxından kəşf etmək imkanı olmuşdur.
Qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Sergey Karyakin buradakı “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər. Qonaqlar ilkin olaraq “Zəka” şahmat klubunun gənc şahmatçıları ilə 12 lövhədə eyni vaxtda oyun seansı keçiblər. Daha sonra şahmatçılar mərkəzin funksional otaqları ilə yaxından tanış oldular.
Məmmədyarov, Rəcəbov və Karyakin turnirlə əlaqədar Şəmkirdə səfərdə olan rusiyalı dülgərlərin hazırladığı şahmat fiqurlarına imza atdılar. Qeyd edək ki, sözügedən fiqurlar turnir çərçivəsində “Synergy Group” tərəfindən təmir olunan və açılışı gerçəkləşdirilən Şəmkir Şahmat məktəbinə xatirə hədiyyəsidir.
İstirahət günündə şahmatçılar üçün Şəmkirə gəzinti çərçivəsində şahmatçılar Bayraq meydanı və muzeyində də olub. Tanışlıq zamanı qonaqlar Azərbaycan Respublikasının müxtəlif tarixi dövrlərində istifadə edilmiş dövlət bayraqları, bayraq standartları və dövlət atributları, orden və nişanlar haqqında geniş məlumat aldılar. Karyakin, Rəcəbov və Məmmədyarov xatirə kitabında ürək sözlərini yazıblar.
Daha sonra təşkilatçı “Synergy Group”un törəmə şirkətlərindən biri olan “AzAqro” istixana təsərrüfatlarına baş çəkən qonaqlar qabaqcıl holland texnologiyaları əsasında yetişdirilən müxtəlif qızılgül növləri ilə tanış olmuş,istixanın fəaliyyəti haqqında məlumatlandırılmışlar. Sonda bütün xanım iştirakçılara hədiyyə olaraq “AzAqro” gülləri təqdim edilmiş və xatirə fotosu çəkdirilmişdir.
Günün ikinci yarısı maraqlı futbol yarışı da keçirilib. 4 komandanın iştirak etdiyi ilk yarımfinalda şahmatçılardan ibarət Azərbaycan yığması dünya komandasına 0:2 hesabı ilə uduzub. Hər iki qolu şahmat üzrə dünya çempionu Maqnus Karlsen vurub. Digər yarımfinal görüşündə isə media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı komanda “Synergy Group” kollektivinə məğlub olub – 0:7.
İstirahət günü “Excelsior Hotel Shamkir”in terrasında nəfis ziyafətlə yekunlaşmışdır. İştirakçılar və fəxri qonaqlar otel nəzdində fəaliyyət göstərən “Baku” restoranının ləzzətli təamlarından dadmış və Avroviziya müsabiqəsində 2013-cü ildə ölkəmizi təmsil etmiş Səbinə Babayevanın ifasında xoş musiqi sədaları altında istirahət etmişlər.
Turnir çərçivəsində təşkilatçılar tərəfindən iştirakçılar, media nümayəndələri, xarici qonaqlar üçün ətraf rayonlara ekskursiyalar təqdim edilmişdir. Bu cür tədbirlərdən biri Şəmkir şəhər xarabalıqlarını ziyarət olmuşdur. Şəmkirçayın sol sahilində orta əsrlərə aid abidə haqqında bələdçi qonaqları məlumatlandırdıqdan sonra çay və milli təamlardan ibarət süfrə açılmışdır. Növbəti ekskursiyalar Gəncə və Şəmkirdəki üzümlüklər və qızılgül bağlarına olmuşdur.