Azərbaycanda qızılgülün yetişdirilməsi ilə məşğul olan “AzAqro” MMC başqa növ güllər və bəzək bitkiləri də yetişdirəcəkdir.
Bu barədə şirkətin daxil olduğu “Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov bildirib.
” “AzAqro”nun rəhbərliyində dəyişiklik edəcəyik. Yeni rəhbərliyin, yeni nəfəs gətirəcəyinə inanırıq. “AzAqro”nun imkanları da çoxdur, böyük boş əraziləri var. Həm qərb regionunun, həm də kənd təsərrüfatının inkişafına kömək məqsədilə yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq. İstəyirik ki, bazara təkcə qızılgül deyil, bir tam həll kimi başqa növ güllər və bəzək bitkiləri də təklif edək”,- deyə cənab Hüseynov qeyd edib.
AZƏRBAYCAN GÜLLƏRİ QAZAXISTANA DA İXRAC OLUNA BİLƏR
“AzAqro” MMC-nin Şəmkirdə innovativ holland texnologiyaları əsasında yetişdirdiyi qızılgüllərin artıq Gürcüstan bazarında satışı həyata keçirilir. Cənab Riyad Hüseynov bildirib ki, satışın yoxlanılması məqsədilə “AzAqro” gülləri Qazaxıstana göndərilib. Bu ölkəyə davamlı qızılgül satışına başlanılması, bazarın gülü necə qəbul etməsindən asılıdır. Baş tutsa, Azərbaycan gülləri Qazaxıstan bazarına da daxil olacaqdır.
Qeyd edək ki, “AzAqro” MMC 2008-ci ildə təsis edilmiş və 2010-cu ildən etibarən “Synergy Group” ASC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəltmişdir. Hollandiyadan gətirilmiş tinglər vasitəsilə Azərbaycanda qızılgül istehsalı bu sahəyə qoyulan mühüm strateji addım kimi dəyərləndirilə bilər. Hazırda ən müasir texnologiyalarla qurulmuş istixana kompleksində qızılgül istehsalı həyata keçirilir və “SBuket” brendi altında paytaxtın gül dükanlarına çatdırılır.