30 yanvar 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov və törəmə müəssisələrin rəhbərləri iştirak edirdilər.
Prezident İlham Əliyev konfransda iştirak edərək giriş nitqi söyləmişdir. Dövlət başçısı çıxışında bildirmişdir ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılmış dərin islahatlar nəticəsində bu inkişafı təmin etmək mümkün olmuşdur.
2016-cı ildə görülmüş işləri dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymətləndirmişlər . Bunlardan dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür.
Konfransın ikinci hissəsində vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə sahibkarlarla görüş keçirilib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən vergi, sənaye, kənd təsərrüfatı, gömrük, sahibkarlıq, ixrac və sair sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.
31 yanvar 2017-ci il tarixində “Synergy Group”un baş ofisində konfransın işinin yekunlarına həsr olunmuş görüş keçirildi. Görüşdə şirkətin icraçı direktoru İsmayıl Süleymanov çıxış edərək ilk növbədə cənab prezident İlham Əliyevə özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə təşəkkürünü bildirdi və şirkətin əməkdaşlarını dövlət başçısının sahibkarlar qarşısında gələcək iki il üçün qoyduğu məqsəd və tapşırıqlar haqqında məlumatlandırdı. İ.Süleymanov qeyd etdi ki, “Synergy Group”un ixrac potensialı ilbəil artır, “Made in Azerbaijan” brendi ilə biz Rusiya, Gürcüstan, Çin və s. ölkələrə məhsullarımızı ixrac edirik. Qrupumuz qarşısında qeyri-neft sektorunda, xüsusilə də, istehsalat, turizm, tikinti və kənd təsərrüfatı sahələrində mövqelərini daha da möhkəmləndirmək vəzifəsi durur. Bunun üçün bizim kifayət qədər bacarıq və resurslarımız vardır. Azərbaycanın davamlı gələcəyi üçün yorulmadan, əzmlə çalışmağa hazır komanda ilə sinerji şəklində fəaliyyət göstərərək ölkəmizin hər sahədə inkişafına töhfə verməyə davam edəcəyik.