Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanovu “Tərəqqi” medalı ilə təltif etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.
"Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafına, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, biznes mühitinin, xüsusən də qeyri-neft sektorunun inkişafına cənab Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sahibkarlıqla bağlı respublikamızda görülən işlərin davamı olaraq 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Sahibkarlar Gününün” bir illiyi münasibətilə imzalanan 25 aprel 2017-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir sıra sahibkarlar təltif ediliblər.
Həmin şəxslər sırasında “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov da cənab Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. Göstərilən yüksək dəyərə görə ölkə başçısı cənab İlham Əliyevə “Synergy Group” ailəsi adından dərin minnətdarlığımızı bildiririk!
Cənab Prezident tərəfindən göstərilən etimadı bundan sonra da doğruldaraq fəaliyyətimizi əzmlə davam etdirəcəyik. Azərbaycanın iqtisadi inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətə öz töhfəmizi verərək cəmiyyətda layiqli yer tutmaq istiqamətində səylərimizi əsirgəməyəcəyik.