“Synergy Group” ASC-nin rəhbərliyi və əməkdaşları Binəqədi rayonunda yerləşən Azərbaycan Uşaqlar Birliyinin sığınacağında uşaqlar üçün Yeni il şənliyi təşkil etdi.
Tədbirin əsas məqsədi bayram öncəsi uşaqların yanında olmaqla onlara sevinc bəxş etmək idi. Valideyn himayəsindən məhrum olmuş uşaqlara sevgiylə yanaşmanın vacibliyini dərk edən “Synergy Group” əməkdaşları bütün həyatları sığınacaqla bağlı olan bu uşaqlara xüsusi qayğı və diqqət göstərərək, onlarla səmimi və mehriban ünsiyyət qurdular. Tədbirin şou proqram hissəsində cizgi film qəhrəmanları, klounlar, Şaxta baba və Qar qız uşaqlarla oynayaraq onları əyləndirdi və hədiyyələrlə sevindirdilər. Daha sonra yemək süfrəsi açıldı və uşaqlarla birlikdə nahar edildi. “Synergy Group” əməkdaşları sevgiyə ehtiyacı olan uşaqlara qayğı ilə yanaşaraq, bu xeyriyyə aksiyası sayəsində onlara mənalı və yaddaqalan gün yaşatdılar.
Tədbirin sonunda Azərbaycan Uşaqlar Birliyinin İdarə Heyəti bu tədbiri təşkil edərək uşaqlara sevinc bəxş etdiklərinə görə “Synergy Group” əməkdaşlarına minnətdar olduqlarını bildirdi.
“Synergy Group” “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, Korporativ Sosial Məsuliyyət proqramının tərkib hissəsi kimi hər zaman uşaqların qayğısına qalır, öz dəstəyini onlardan əsirgəmir.