12 dekabr 2017-ci il tarixində “Synergy Group” MMC-də ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş toplantı keçirilmişdir.
Toplantıda iştirak edən “Synergy Group” MMC-nin əməkdaşları Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov çıxış edərək qeyd etdi ki, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusudur.
Bildirildi ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyətidir, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri birləşdirən yeni inkişaf modeli kimi özünü tam doğrultdu. Ulu Öndərin banisi olduğu Azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq siyasətini özünün çoxcəhətli fəaliyyətinin bütün mərhələlərində əsas kimi götürmüş, bu ideologiyanın xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir.
Vurğulandı ki, bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. Ölkə başçısı cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində respublikada iqtisadiyyatının hər bir sahəsi inkişaf edir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.
Toplantıdan sonra “Synergy Group” MMC-nin əməkdaşları Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət edərək öz ehtiramlarını bildiriblər.