08 dekabr 2017-ci il tarixdə "Uğur" Milli Mükafatının təqdimetmə mərasimi keçirilmişdir. “Synergy Group” MMC qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə 2017-ci ildə İlin holdinqi seçilmişdir.
Tədbirdə çıxış edən “Synergy Group” MMC-nin Biznesin İnkişafı departamentinin rəhbəri Pərviz İlyasov təşkilatçılara şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına töhfə verdiyinə görə İlin holdinqi nominasiyasında mükafatlandırılmaq qürurvericidir və şirkətlər qrupumuzun son illər nail olduğu uğurların qiymətləndirilməsinin göstəricisidir.
"Uğur" Milli Mükafatı Azərbaycanda iqtisadiyyatın güclənməsində, yeni iş yerlərinin yaradılmasında və bununla da hər bir ailənin rifahının yüksəlməsində fəal iştirakına görə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə verilən ilk mükafatdır. Mükafatın təsis edilməsi Azərbaycan biznesinin müsbət imicinin formalaşdırılması məqsədini daşıyır.
"Uğur" Milli Mükafatı Consulting&Business jurnalı tərəfindən 2000-ci ildə təsis edilmişdir.
Consulting&Business işgüzar jurnalı 1996-cı ildən nəşr olunur. İşgüzar informasiya-analitik nəşri olan Consulting&Business özünün informasiya strategiyası ilə Azərbaycanın işgüzar dairələrinə daima dəstək verir ki, bu da ölkənin biznes elitası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan biznesmenləri haqlı olaraq, «Consulting&Business» jurnalını özlərinin nəşri hesab edirlər. Məhz bu səbəbdən də jurnalın iqtisadiyyat və biznes sahəsində Azərbaycan tarixində ilk dəfə olaraq "Uğur" Milli Mükafatını təsis etməsi ölkə biznesinin nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və dəstəkləndi.