Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın Şəmkir rayonunda sərgi-satış mərkəzi istifadəyə verilib.
Mərkəzin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov, yerli sahibkarlar və velosiped həvəskarları iştirak ediblər.
Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib ki, Şəmkirdə belə bir mərkəzin istifadəyə verilməsi rayonda velosiped idmanının inkişafına təkan verəcək və mərkəzin açılması Şəmkirdə gənc nəslin sağlam böyüməsi üçün də faydalıdır.
Tədbirdə çıxış edən “Synergy Group” MMC-nin İcraçı direktoru İsmayıl Süleymanov “İSMA BİKES”ın Şəmkir rayonunda sərgi-satış mərkəzinin istifadəyə verilməsi münasibəti ilə hamını təbrik edərək, qeyd etdi ki, mərkəzin açılışının 2 Fevral Gənclər gününə təsadüf etməsi əlamətdardır. Sərgi-satış mərkəzinin açılması şirkətin fəaliyyət coğrafiyasının genişləndirilməsi yönündə vacib addımdır və gələcəkdə bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır.
Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı və “Made in Azərbaijan” brendinin dünya bazarına çıxarılması yolunda mühüm addımlar atılmışdır və ölkənin ixrac həcmi artmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasətə sadiq qalaraq “Synergy Group” MMC “Made in Azerbaijan” brendinin tanıdılmasına öz töhfəsini verməkdədir. Qeyd etmək yerinə düşər ki, qrupa daxil olan şirkətlərin iqtisadi göstəriciləri və istehsal edilən məhsulların ölkə xaricinə ixrac həcmi mühüm dərəcədə artmışdır.
Daha sonra, tədbir iştirakçıları İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanovun təqdimatında “İSMA BİKES” velosipedləri ilə tanış olaraq, məhsullar barədə ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, “İSMA BİKES”ın sərgi-satış mərkəzi Bakı-Qazax şossesində “West Gate” alış-veriş cərgəsində yerləşir.
Əlaqə telefonu: 050 229 13 68