“S-Buket” brendi Şağan qəsəbəsində yerləşən əqli qüsurlu uşaqlar üçün internat evində 31 oktyabr 2015-ci il tarixində yaradıcılıq tədbiri keçirdi.
Uşaqlar mütəxəssislərin köməkliyi ilə üzərində gül şəkilləri olan kartları rəngləyib dekorativ əsərlər yaratdılar. Prosesdə rəngli karandaşlardan, parıltılı yapışqanlardan, biserlərdən və flomasterlərdən istifadə olundu. Uşaqlar “SBuket”in adı və loqosunu daşıyan bu kartlardan bayram tədbirlərində istifadə edə biləcəklər. Həmçinin, brendin floristləri uşaqlara rənglərin sehrli dünyasından söhbət açdılar. Onlar gül dəstələrinin tərtibatında rəngləri necə uyğunlaşdırmaq lazım gəldiyini, hansı gül kompozisiyalarını düzəltməyi nümayiş etdirdilər və uşaqlara müstəqil şəkildə buket yığmağı öyrətdilər.
“Synergy Group” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli bildirdi ki, korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq qarşıda qoyulan məqsəd uşaqların diqqətini rənglər aləminə cəlb etmək, onlarda gül kompozisiyalarının tərtibinə maraq oyatmaq və eyni zamanda, uşaqların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə kömək etməkdir. Həmçinin, tədbir zamanı uşaqlar öz rəsm çəkmə qabiliyyətlərini də inkişaf etdirdilər.
“Synergy Group” ASC-nin törəmə şirkəti olan “AzAqro” MMC-nin “S-Buket” brend gülləri 2012-ci ildən bazara təqdim edilir. Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi və müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və digər proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Əsas qızılgül növləri sırasında “Red Naomi”, “Myrna”, “Peach Avalanche”, “Avalanche”, “Candy Avalanche” və “Wow”, sprey qızıl güllərdən “Hot Bubble”, “Be-Bubble”, “White Bubble” və “Alegria” növlərini qeyd etmək olar.