Synergy Group ASC-nin dəstəyi ilə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2015” superturnirinin açılış mərasimi keçirilib. Mərasim Şəmkirdə Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Gənclər və Idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, iştirakçı şahmatçılar, millət vəkilləri, Synergy Group ASC-nin rəhbərliyi və digərləri iştirak edib.
Öncə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ötən il keçirilən “ShamkirChess 2014″ turnirinə həsr olunan videoçarx nümayiş olunub.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Ə. Məmmədov tədbir iştirakçılarını salamlayıb, dünyanın ən güclü şahmatçılarını Şəmkirdə görməkdən məmnun olduğunu qeyd edib: “Ən güclü dünya şahmatçıları bu yarışda iştirak edir. “ShamkirChess 2015” turnirinin “Bakı-2015″ Avropa Oyunları öncəsi keçirilməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən biri olduğunu göstərir. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram”.
Yarışın Təşkilat Komitəsinin sədri, Synergy Group ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın keçiriləcəyi 10 gün müddətində Şəmkirin dünyanın şahmat mərkəzinə çevriləcəyini deyib. O, Azərbaycanda şahmatın inkişafından danışıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə möhtəşəm turnirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ölkəmizdə şahmatın inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. İ. İsmayılov yarış iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakının V. Həşimovun beynəlxalq aləmdəki hörmətinin göstəricisi olduğunu bildirib. Şəmkirə gəldiyinə görə Maqnus Karlsenə təşəkkür edən Q. Həşimov bütün dünyada şahmatla maraqlanan hərkəsin diqqətinin Şəmkirə yönəldiyini vurğulayıb.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti K. İlyumjinov “ShamkirChess 2014” turnirindən sonra Şəmkirin bütün dünyada tanındığını deyib. FİDE prezidenti Azərbaycanda şahmata xüsusi diqqət göstərildiyini qeyd edib: “Prezident İlham Əliyev yeganə ölkə başçısıdır ki, Azərbaycanda Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul edib. Burada şahmata yüksək qiymət verilir”. K. İlümjinov yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra AŞF-nin vitse-prezidenti F. Həsənov yarışın əhəmiyyətindən danışıb və püşkatma mərasiminə start verib. Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adamsla qarşılaşacaq.
Xatirə şəkli çəkdirilib və tədbir bəddi hissə ilə davam etdirilib.
Qeyd edək ki, yarış aprelin 26-dək davam edəcək.