24 oktyabr 2014-cü il – Bakı Ekspo Mərkəzində 20-cu Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi keçirilir. 22-25 oktyabr tarixində keçirilən sərgidə “gobustone” məsaməli hörgü bloklarının istehsalçısı AAC müasir tikinti materialları zavodu da iştirak edir. Sərgidə ziyarətçilərin diqqətinə tikinti avadanlıqları, keramik məhsullar, dekorativ daşlar, pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtüklərinin geniş çeşidi təqdim olunur. Digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənən “gobustone” hörgü bloklarından hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur. “gobustone” hörgü bloklarının Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı şəkildə dəyişməkdədir. Maraqlananlara, bu innovativ tikinti materialı haqqında geniş məlumat verilir, özəllikləri nümayiş olunmaqla, sualları yerindəcə cavablandırılır.
Qeyd edək ki, Qafqaz regionunda “gobustone” hörgü bloklarını istehsal edən ilk zavod kimi, AAC daim yeni metod və texnologiyaları inkişaf etdirir və fəaliyyət dairəsini genişləndirməkdədir.
Diqqətinizə çatdıraq ki, bu il sərgi rekord göstəricilərlə yaddaşlara həkk olacaq. Belə ki, dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə etməklə, öz ekspozisiyalarını genişləndirmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə elan edilmiş “Sənaye ili”ndə fəal yerli istehsalın nümayişi özlüyündə bir uğur göstəricisidir. Builki sərgidə yerli şirkətlərlə yanaşı Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, Portuqaliya, Türkiyə, Yunanıstan və Çindən gələn çoxsaylı nümayəndələr iştirak edir.
“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Nəzərinizə çatdıraq ki, sərgi layihəsinin təşkilatçıları “ITE Group Plc” və “Iteca Caspian” şirkətləridir.