Azərbaycanın sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir. Növbəti belə məlumat turu sentyabrın 18-də Bakının Qaradağ rayonunda yerləşən müəssisələrə təşkil edilmişdir. Media nümayəndələri “Synergy Group” ASC-nin üzvü olan “AAС” müasir tikinti materialları zavodunda olmuşlar. KİV nümayəndələrinə bildirildi ki, 2011-ci ildə fəaliyyətə başlamış müəssisənin illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir.
Almaniya avadanlıqları ilə təchiz olunmuş zavodda hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsal edilir. Zavodun məhsulları milli və beynəlxalq standartların tələblərinə cavab verir və məhsulun keyfiyyətinə müasir laboratoriyada daim nəzarət edilir. Məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
Zavodda həmçinin, yüksək keyfiyyətli əhəng və bloklar üçün yapışdırıcı da istehsal olunur. Nəzərinizə çatdıraq ki, zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat güzəştli kredit verilmişdir.
“AAC” yüksək alman texnologiyaları əsasında hazırlanan “gobustone” məsaməli hörgü bloklarının istehsalçısıdır.
Bu gün “gobustone” bloklarından hündür mərtəbəli tikintilərin inşasında daha geniş istifadə edilir. İstehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunan blokların digər üstünlüklərindən biri də ətraf mühitə heç bir mənfi təsir göstərməməsi və insanların sağlamlığı üçün tam təhlükəsiz olmasıdır.
Məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılanmış, media nümayəndələrinin müəssisələrin fəaliyyətinə dair sualları cavablandırılmışdır.