Şəmkirdə yerləşən “WestGate” ticarət cərgəsi partnyorları üçün regional səfər təşkil etmişdir. Paytaxt Bakıdan Şəmkir şəhərinə baş tutan səfər çərçivəsində qonaqlar qərb regionun ən iri ticarət cərgələrindən biri olan “WestGate”in fəaliyyəti ilə tanış olmuşlar. Nəzərinizə çatdıraq ki,“WestGate” Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group”un üzvüdür. Qrupun xüsusilə də regionların inkişafına dair fəaliyyəti ilə bağlı İlkin Quliyev ətraflı məlumat vermişdir.
Daha sonra “Westgate” ticarət cərgəsinin idarəedici şirkəti olan “Trade Market” MMC-nin baş direktoru Mahir Məmmədbağırov, qonaqların qarşısında təqdimatla çıxış etdi. M.Məmmədbağırov bildirdi ki, “Westgate” ticarət cərgəsinin təntənəli açılışı mərasimi 2013-cü ilin 9 noyabr tarixində baş tutmuşdu. Şəmkir şəhərinin girəcəyində yerləşən və regionda analoqu olmayan bu ticarət cərgəsi 2 km boyunca uzanaraq, Azərbaycanda fəaliyyət göstərən ən tanınmış brendləri bir araya gətirir.
İstismara verildiyi müddətdən region əhalisinin böyük marağına səbəb olmuş ticarət cərgəsində ictimai iaşə və pərakəndə ticarət müəssisələri, tekstil, tikinti və s. məhsullar təklif edən mağazalar fəaliyyət göstərir. M.Məmmədbağırov qeyd etdi ki, hazırda ticarət cərgəsinə region əhalisinin marağının daha da artırılması, fəaliyyətin genişləndirilməsi məqsədilə tədbirlər planı hazırlanır.
Öz növbəsində, “Synergy Group”un nümayəndəsi İlkin Quliyev, investisiya qrupunun regionun sosial-iqtisadi inkişafına verdiyi töhfələr haqqında danışdı.
Səfər çərçivəsində qonaqlar “Excelsior Hotel Shamkir” kompleksində və Şəmkir Şəhər Parkında da olmuşlar.
Qeyd edək ki, səfərdə “Mado”, “Anadolu”, “Gallery Kids”, “World Telecom”, “Ideal”, “Akabe Inşaat”, “Tutto Belle”, “Romantik”, “Contact Home”, “VMF”, “Music Gallery”, “Kigili”, “AVIS”, “Fab boya” və STP şirkətlərinin nümayəndələri iştirak etmişdir.